ALLAH, UŞAQ VƏ ANA...
Bu gün yeni tamaşa təhvil vermişdim. Sanki ilk dəfə ana olmuş qadınlar kimi sevincliydim... Məndə olan məlumata görə tanrı ucadır. Çoox uca. Və ucadadır. O dərəcədə ucadadır ki, hər adamın səsi ora gedib çatmır... Amma mən 300 tamaşaçının qarşısnda çıxış edən aktyor-rejissor kimi sevincliydim. Çünki 300 adamın (uşağın) qarşısında çıxış etmişdim. Onlar hamısı bir nəfər kimi mənim tamaşama baxmışdılar... Əslində, nədənsə Allah pıçıltıları eşitdiyi halda bəzən qışqıranları eşitmir... Yəqin ki, eşitmək istəmir. Yoxsa nədi ki, onun (Allahın) əlində. İstəsə hamını və hər şeyi eşidər... 300 (üç yüz) məsum sima... Hamısı aşağıdan yuxarı mənə baxırdı. Yəni mənim qurduğum tamaşaya. Hərdən elə sevinir, elə gülürdülər ki... Mən özüm çox vaxt Allaha hər şeyi demirəm. Demirəm ona görə yox ki, qorxuram, yox, o tək varlıqdı ki, qorxmuram. Ona görə demirəm ki, ağzımdan çıxan hər şeyi eşidir. Bütün hərəkətlərimi də görür. Mən bilirəm axı. Çünki mən uşaqlarla işləyirəm. Uşaqlar da Allah qədər təmiz, səmimi olur axı. Uşaqları tanıdığım kimi Allahı da tanıyıram. Axı mən uşaqları da aldada bilirəm. Məsələn, hərdən deyirəm ki, - “Hər şey yaxşı olacaq”. Onlar da inanırlar. Elə mən özüm də inanıram... Axı gərək qarşındakını inandırmaq üçün sən özün də dediyin yalana inanasan... Hərdən bərkdən qəhqəhə çəkirəm. Qəhqəhə çəkirəm ki, Allah elə bilsin hər şey yaxşıdı. Axı onun da işi başından aşır. Bir də mən yük olmayım ona... O da (Allah təbii ki,) sağ olsun inanır. Axı uşaq kimidi. Təmiz, səmimi... Bir də ki, axı mən özüm də inanıram öz qəhqəhələrimə... İnanıram ki, hər şey yaxşıdı... Əslində bu belə olmasa belə... Allah ucadı, çoox ucadı... Mənsə dünyaya təzə körpə gətirmiş anaya bənzəyirdim... Bənzəyirdim. Bu gün... (30.10.11)
İntiqam-SOLTAN
Hiç yorum yok:
Yorum Gönder