Səni çoxdandı görmürəm,
Salam özüm, necəsən?!
Təzədən içinə qayıtdın-
öz içinə!
Necə gəldin?!
Çoxdandı yol üstə durub
səni gözləyirdim
Əlimdə bir dəstə
rənbərəng təzə-tər dərd.
Gələcəyini bilirdim...
Gələcəyin gəlmək idi,
budur gəldin,
buyur gəl di...
Salam özüm
Xoş gəlmisən,
Necəsən?!
Çox kükrədin, çox qızdın,
özündən çıxdın.
Bir at tapdın-
murad-at.
Mindin muradını-
belinə mindin-
Çıxıb özündən.
Çapdın muradı-atı
özündən çox uzaqlara çapdın.
Amma atsız qayıtdın,
muradsız qayıtdın,
adsız qayıtdın...
öz içinə...
Salam özüm,
Xoş qayıtdın, xoş gəldin.
Görüşünə gəlmişəm,
Salam!
Buyur,
Əlimdə tutduğum bu dəstə sənindir,
sənin.
Rənbərəng...
təzə-tər...
dərd dəstəsi.
Qeyd: Qorxma, Özüm, Sən tək deyilsən-
Sənin Mənin var, Mənin!!!
İntiqam-Soltan